TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili Testi deməkdir) imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini dəyərləndirən imtahandır. ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə TOEFL imtahanlarından keçmək tələb olunur. Bununla bərabər həmçinin dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilər.
TOEFL-a bənzər IELTS imtahanı da var. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. TOEFL imtahanının nəticələri 2 il müddətində keçərlidir və bu müddət bitdikdən sonra imtahanın nəticələri rəsmi olaraq etibarsız sayılırlar, belə ki bu müddət ərzində imtahan verən şəxsin dil biliyi əhəmiyyətli dərəcədə zəifləyə bilər. Bir çox kollec və universitetlər adətən yaxın zamanlarda nəticəsi elan olunmuş TOEFL qiymətlərini tərcih edirlər. TOEFL ABŞ Təhsil İmtahan xidməti (ETS) tərəfindən idarə olunur və ona məxsus ticarət markasıdır. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. TOEFL idarə heyəti 16 nəfərdən ibarət komitədən ibarətdir. ABŞ Təhsil İmtahan Xidmətinin sözçüsü Tom Evinq deyir ki, hər il təxminən bir milyon insan TOEFL imtahanı verir. TOEFL yalnız kompüter əsaslı imtahana şərait olmadığı təqdirdə yazılı əsaslarla təşkil edilir. ABŞ-da TOEFL testinin qiyməti 150 dollardır. Bu imtahanda ingilis dilində oxu, qulaq asma, danışıq və yazı qabiliyyəti yoxlanılır. İmtahanın internet versiyası TOEFL IBT yəni İnternet əsaslı test adlanır. İmtahan qiymətləri müxtəlif ölkələrdə fərqlənsə də, ümumilikdə qiymətlər 150-200 ABŞ dolları arasında olur. Digəri isə "Beynəlxalq İngilis dili İmtahanı sistemi" anlamına gələn IELTS-dir.
1962-ci ildə ABŞ-da ingilis dili ölkələrdən olmayan tələbələrin burada təhsil almağına dair problemləri həll etmək məqsədilə dövlət və özəl təşkilatların nümayəndələrindən ibarət olan 30 nəfərlik komitə yaradıldı. 1963-1964-cü illər dövründə komitə TOEFL imtahanının təşkil və idarə olunmasına dair təklif irəli sürdü. TOEFL-in məzmunu başlanğıc səviyyədə Stenford Universitetinin dilşünas professoru Çarlz Ferqyuson tərəfindən hazırlandı. 1965-ci ildə ETS və Kollec Şurası TOEFL imtahanın keçirilməsi məsuliyyətini öz üzərinə götürdü. Hesablamalara görə, indiyə kimi dünyada 20 milyon insan TOEFL imtahanını vermişdir.
2005-ci ildə tətbiq olunmağa başlayan İnternet Əsaslı Test (İBT – İnternet Based Test) imtahanı çox tezliklə Kağız Əsaslı Test (PBT – Paper Based Test) və Komputer Əsaslı Testi (CBT – Computer Based Test) sıxışdırmışdır. İBT ilk öncə bir neçə ölkədə, ABŞ, Kanada, Almaniya, İtaliya və Fransada 2005-ci ildə tətbiq olunmuş, digər ölkələrdə isə 2006-cı ildən etibarən tətbiq olunmağa başlanmışdır. CBT keçirilməsi 2006-cı ilin sentyabr ayında dayandırılmışdır. İlk dövrlərdə TOEFL imtahanı üçün yerlər məhdud idi, imtahan vermək istəyən şəxslər imtahanda iştirak yeri almaq üçün aylarla gözləməli olurdular. Lakin zamanla dünyanın bir çox nöqtələrində imtahan keçirmək üçün yerlərin sayı artırılmışdır, hal-hazırda imtahan vermək istəyənlər imtahanda yer almaq üçün 1-4 həftə arası gözləyirlər.
© 2018 - Bütün hüquqları qorunur